
Yaxın Şərqdə artan gərginlik, regional münaqişələr və qlobal təhlükəsizlik riskləri fonunda yay tətilini planlaşdıranların sayı azalmır, amma seçimlər daha diqqətlə edilir. Xüsusilə İran-İsrail xəttində baş verən hadisələr, eləcə də bölgəyə yaxın ərazilərdə mümkün risklər turistlərin qərarlarına birbaşa təsir göstərir. Hazırkı şəraitdə sabitliyi və təhlükəsizlik göstəriciləri yüksək olan ölkələrə üstünlük verilməsi daha məqsədəuyğundur. Eyni zamanda, münaqişə zonasına yaxın və ya siyasi-hərbi gərginliyin davam etdiyi istiqamətlərdən isə müvəqqəti olaraq uzaq durmaq tövsiyə olunur.
Bəs mövcud vəziyyəti nəzərə alaraq yay aylarında hansı ölkələr təhlükəsizlik baxımından daha uyğun hesab olunur, hansılar riskli istiqamətlər siyahısına düşür?
Mövzu ilə bağlı danışan turizm eksperti Rəhman Quliyev Demokrat.az-a açıqlamasında bildirib ki, dünyada baş verən siyasi qalmaqallar, iğtişaşlar və müharibələr turizm marşrutlarına ciddi təsir göstərir:
“Azərbaycanlı turistlər də təhlükəsizliyi nəzərə alaraq səyahət istiqamətlərini seçirlər. Bu baxımdan daha çox Türkiyə və Avropa şəhərlərinə üstünlük verilir. Çünki Asiya ölkələrinə gedən bir çox uçuş marşrutları İran hava məkanından keçir. Mövcud vəziyyət isə bəzi turistləri daha təhlükəsiz hesab edilən alternativ istiqamətlərə yönəldir. Əlbəttə, alternativ olaraq Orta Asiya ölkələrinin üzərindən də uçuşlar mümkündür. Lakin bu marşrutlar məsafəni artırdığı üçün bilet qiymətləri də daha baha olur. Ümumilikdə isə yay tətili mövsümündə Asiya ölkələri Azərbaycan turistləri üçün əsas turistik istiqamətlərdən hesab olunmur. Hər il olduğu kimi bu il də turistlər daha çox Türkiyə, Monteneqro və Misirin Şarm əl-Şeyx şəhərinə üstünlük verirlər. Eyni zamanda Şərqi Avropa ölkələrinə də maraq yüksəkdir”.
O bildirib ki, təhlükəsiz turizm istiqaməti kimi Türkiyənin Kuşadası, Bodrum, Antalya və Alanya şəhərləri, eləcə də Qara dəniz sahili bölgələri turistlərin ən çox seçdiyi məkanlar sırasındadır:
“Bununla yanaşı Gürcüstanın Batumi şəhərinə, həmçinin Barselona, İtaliya və kruiz səyahətlərinə də tələbat müşahidə olunur. Ümumilikdə isə Azərbaycan turistləri üçün həm qiymət baxımından, həm də təhlükəsizlik baxımından ən uyğun istiqamətlər arasında Türkiyə, Gürcüstan və Monteneqro ilk yerlərdə qərarlaşır”.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana hücum edib. Buna cavab olaraq isə, İran da İsrailə raketlər atıb. İranın ali dini lideri Ayətullah Xamenei öz ofisində öldürülüb, İranın dövlət televiziyası bildirib. Onun ölümü ilə əlaqədar ölkədə 40 gün matəm və 7 günlük qeyri-iş günü elan edilib.






Şərhlər