"Aparılan geniş islahatlar vəkillik institutundan yan keçməyib. Son dövrlər ölkəmizdə vəkillik institutunun daha da təkmilləşdirilməsi istiqamətində mühüm işlər görülüb".
Bunu Ali Məhkəmənin sədri İnam Kərimov Ali Məhkəmədə Femida Dialoq Platforması çərçivəsində Vəkillər Kollegiyası ilə görüş zamanı deyib.
O bildirib ki, ölkə başçısının məlum Fərmanının icrası çərçivəsində məhkəmə-hüquq sistemində bir sıra uğurlu islahatlar aparılsa da, qarşıda görüləcək işlər var: “Ölkəmiz böyük qlobal əhəmiyyətli prosesslərdə regionun aparıcı liderinə çevrilir və yeni çağırışlarla qarşılaşır. Bu müasir çağırışlara cavab vermək üçün məhkəmələrin müasir tələblərlə uyğun qurulması, ədalət mühakiməsinin həyata keçirilməsində yüksək peşəkarlığın artırılması və idarəetmədə innovativ texnologiyaların tətbiqi günün tələblərindəndir. Bu tələbləri qarşılamaq üçün məhkəmə-hüquq sisteminin bütün iştirakçıları ilə dialoq qurmağa xidmət edən yeni bir layihəyə - “Femida Dialoq Platforması” layihəsinə start vermişik”.
Ali Məhkəmənin sədri deyib ki, Femida Dialoq Platformasının məqsədi hüquqşünaslar, hüquq müdafiəçiləri, vətəndaş cəmiyyəti institutları ilə fəal müzakirələrin təşkili, vətəndaşların hüquqi maariflənməsinin artırılması, məhkəmə-hüquq sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, ortaya çıxan problemlərin həlli və ölkəmizdə bu sahədə aparılan islahatlara dəstək verməkdir: “Femida Dialoq Platforması çərçivəsində ilk görüş Azərbaycan Vəkillər Kollegiyası ilə keçirilir. Bu da təsadüfi deyil. Çünki Vəkillər Kollegiyasının üzvləri məhkəmə-hüquq sistemində önəmli funksiyanı yerinə yetirirlər. Bu gün biz həm məhkəmə-hüquq sistemində görülən işlər, hazırki vəziyyət barədə danışacağıq, həm də vəkillərin üzləşdiyi problemlər və məhkəmə-hüquq sisteminin inkişafı istiqamətində təklifləri dinləyəcəyik. Düşünürəm ki, bu gün birgə uğurlu əməkdaşlığın əsasını qoyacağıq”.