Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Sağlamlıq » Hamilələrin nəzərinə — Qeysəriyyə barədə bilinməyən acı həqiqətlər
Hamilələrin nəzərinə — Qeysəriyyə barədə bilinməyən acı həqiqətlər

Son dövrlərdə Azərbaycanda qeysəriyyə əməliyyatlarına maraq artır. Ana olmağa hazırlaşan qadınların əksəriyyəti artıq hamiləliyin əvvəllərindən doğuşun bu üsulla həyata keçirilməsi barədə qərar verirlər. Əslində qeysəriyyə əməliyyatına göstəriş yalnız tibbi səbəblərdən, ana və ya dölün həyatına risk olduqda verilməlidir.

Ginekoloq Təranə Həsənova Demokrat.az-a açıqlamasında bildirib ki, son illər Azərbaycanda qeysəriyyə əməliyyatları kəskin şəkildə artıb:

“Bunun artmasının bir sıra səbəbləri var. Burada qadınlar özləri qərar verirlər, amma əslində doğuş üsulunu yalnız həkim seçməlidir, qadın isə bu barədə məlumatlı olmalıdır. Qeysəriyyə əməliyyatına göstərişlər yalnız həkim tərəfindən qoyulur və bu göstərişlər həm ana, həm də dölə görə verilə bilər. Əgər dölün həyatı ciddi təhlükə altındadırsa, hamiləliyi qeysəriyyə əməliyyatı ilə başa çatdırmaq üçün verilir. Ana tərəfdən göstəriş isə doğuş zamanı və ya doğuşdan sonra ananın həyatı üçün risk olduğu hallarda tətbiq olunur”.

O deyib ki, bu qərar yalnız həkim tərəfindən verilməlidir:

“Təəssüf ki, bəzən hamilə qadın və ya onun ailəsi, qohumları ilə birgə “Mən əməliyyat olmaq istəyirəm” deyir. Həkim nə qədər bioloji izah versə də, qadın bu izahı qəbul etməyə bilər. Belə vəziyyətlərdə qadın həkimini dəyişir və yeni həkim əməliyyatı həyata keçirir. Bu artıq problemli bir haldır. Hamilə qadınlar arasında yayılmış fikir belədir ki, bioloji doğuş çox çətindir və ona dözmək mümkün deyil. Bəziləri düşünür ki, qeysəriyyə əməliyyatından sonra heç ağrı olmur. Amma unutmamaq lazımdır ki, bu bir əməliyyatdır və hər əməliyyat ağrılı olur. Təəssüf ki, qadınlar bu gerçəkliyi düşünmür və ya düşünmək istəmir”.

Mütəxəssislər ana olmağa hazırlaşan qadınları daha diqqətli olmağa çağırır. Təbii prosesə müdaxilə etməzdən əvvəl həm özlərinin, həm də körpənin gələcək sağlamlığını düşünmək vacibdir. Qeysəriyyə əməliyyatı sadə seçim deyil, yalnız tibbi zərurət halında müraciət edilməli olan cərrahi çıxış yoludur. Cəmiyyətdə formalaşan yanlış təsəvvürlərin qarşısını almaq üçün gələcək anaların həkim məsləhətlərinə güvənməsi və prosesin bioloji gedişatına hörmətlə yanaşması tövsiyə olunur.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti