
Daha çox yaşlılarda rast gəlinən zona xəstəliyi son illərdə gənclər arasında da yayılmağa başlayıb.
Reportyor.tv xəbər verir ki, suçiçəyi virusunun yenidən aktivləşməsi nəticəsində yaranan bu infeksiya dəhşətli ağrılar və ciddi psixoloji təsir yarada bilir.
İstanbulda yaşayan 29 yaşlı K.T. bildirib ki, əvvəlcə ayağında sadə qıcıqlanma kimi başlayan problem bir neçə gün sonra dözülməz ağrılara çevrilib. Onun sözlərinə görə, sanki dərisinə qaynar su tökülüb, gecələr yata bilməyib və şiddətli yanma hissi yaşayıb. Həkim müayinəsindən sonra ona zona diaqnozu qoyulub.
Oxşar hadisəni yaşayan 30 yaşlı P.A. isə xəstəliyin üzündə yarandığını deyib. Səpkilər qısa müddətdə yayıldığı üçün insanların baxışlarından narahat olub və uzun müddət evdən çıxmadığını bildirib: “Tamamilə evə qapanmışdım, çölə çıxa bilmirdim”.
Mütəxəssislər qeyd edir ki, zona əsasən immunitet zəiflədikdə, stress, yuxusuzluq və ağır yorğunluq zamanı ortaya çıxır. Xəstəlik əvvəlcə yanıcı ağrı və qızartı ilə başlayır, daha sonra su toplayan səpkilər əmələ gəlir.
Dermatoloqlar xəbərdarlıq edir ki, xüsusilə üz nahiyəsində yaranan zona göz və sinir sisteminə zərər verə, bəzi hallarda ciddi fəsadlara səbəb ola bilər. Buna görə simptomlar hiss edilən kimi həkimə müraciət etmək vacib sayılır.
Musavat.com






Şərhlər