
İranda ikihakimiyyətlilikdən qaynaqlanan anti-Azərbaycan iddialar yenidən tirajlanır
Son zamanlar SEPAH-a bağlı media və şəxslərin Azərbaycan əleyhinə bəyanatları artmağa başlayıb. Tribunainfo.az xəbər verir ki, İran meddiasına geniş çıxış imkanları olan bu qruplar əsassız ittihamlarla çıxış etməklə yanaşı, böhtan və yalan xəbərlər yaymaqdan da çəkinmirlər.
“İran 24" TV-yə açıqlama verən SEPAH-ın sabiq komandiri, anti-Azərbaycan mövqeyi ilə tanınan Mənsur Həqiqətpur Zəngəzur dəhlizi məsələsinə toxunaraq, onu kiçik məsələ hesab edənləri sadəlövh adlandırıb. Həmçinin bildirib ki, İran dəhlizdə mütləq pay sahibi olmalıdır. "İrana pay verilməsə, biz alternativ planlar hazırlamalıyıq".
SEPAH-ın sabiq rəhbəri deyib ki, Zəngəzur dəhlizi İranın Avropaya və Ermənistana çıxışını kəsməyəcək. “Bizim Avropaya çıxışımız üçün bir çox yollarımız var. Habelə, bizim Ermənistanla sərhədimizin kəsiləcəyi halda, bunu başqa bir yolla əvəz etmək üçün alternativimiz mövcuddur”.
Həqiqətpur bununla da kifayətlənməyib və Azərbaycana böhtan atmağa çalışıb. O bildirib ki, guya Azərbaycanda İsrailin hərbi bazalarının olmasına dair əvvəldən məlumatları olub. “Bizim daha öncədən Azərbaycanda İsrail bazalarının olmasından xəbərimiz var idi. İllər əvvəl İsfahanın hava məkanında və Natanzda "Hermes" dronu İranın hava hücumundan müdafiə sistemləri tərəfindən aşkar edilib. Bu PUA-nın Qarabağda ermənilər tərəfindən zərərsizləşdirildiyi də bildirilib. Xəzər dənizi üzərində “Hermes” dronuna aid olduğu bildirilən dalğalar da müəyyən edilib. Bizim son qənaətimiz odur ki, həmin dron Azərbaycandan buraxılıb".
Rəsmi İranla münasibətlərin normal davam etdiyi bir vaxtda ölkənin ali dini liderinin birbaşa tabeliyində olan SEPAH-ın mediasında Azərbaycanı hədəfə alınmasının səbəbi necə izah edilməlidir? Belə nəticə hasil olur ki, İranda ikihakimiyyətlilikdir- prezidentin komandası Azərbaycanla qonşuluq münasibətlərində, dini liderə tabe olanlar isə əksini həyata keçirirlər.
Oqtay Qasımov
Politoloq Oqtay Qasımov “Yeni Müsavat”a bildirdi ki, İrandan bir-biri ilə uyğun gəlməyən müxtəlif bəyanatların səslənməsi əslində təəccüblü deyil. Biz zaman-zaman bunun şahidi olmaqdayıq: “Xüsusilə də SEPAH-ın təmsilçilərinin və İran hakimiyyətinin mühafizəkar qanadının aparıcı şəxsləri, o cümlədən ekspertlər tərəfindən bu cür bəyanatların verildiyini zaman-zaman eşitməkdəyik. Sadəcə olaraq, Həqiqətpurun indi səsləndirdiyi fikirlər xeyli müddətdir İran tərəfindən Zəngəzur dəhlizi və Azərbaycanla bağlı səngiyən ritorikanın yenidən gündəmə gəlməsi kimi dəyərləndirilir. Onun nə deməsindən asılı olmayaraq Zəngəzur yolunun açılması ilə bağlı proses davam edir. Dəhlizdən İrana pay verilməsi barədə Həqiqətpurun fikrinə gəldikdə isə İran tərəfi zəhmət çəkib məsələni Azərbaycanla deyil, Ermənistanla və dəhlizə nəzarət edəcək ABŞ ilə müzakirə etməlidir. İranın bu müzakirədən hansı nəticə alacağını isə əvvəlcədən söyləmək mümkündür. Bu baxımdan, Həqiqətpur və bu tipli şəxslərin açıqlamaları, sadəcə olaraq, son bir ildə Azərbaycanla İran arasında münasibətlərin nisbətən normallaşmasını istəməyən və İranın ekspansionist siyasətini bölgədə yenidən gücləndirməyə hədəfləyən açıqlamalar kimi dəyərləndirmək lazımdır”.
O ki qaldı onun guya Azərbaycanda İsrailin hərbi bazalarının olduğu və guya Azərbaycan ərazisindən İsrailin öz dronlarını İrana atması kimi fikirlərinə, politoloq dedi ki, bunların hamısı böhtandır: “Bu cür böhtan dolu iddiaları əslində İran rəsmiləri 12 günlük müharibədən sonra təkzib ediblər. İran rəsmiləri açıq mətnlə bəyan etmişdilər ki, Azərbaycan ərazisindən İrana qarşı hansısa hücum olmayıb və hansısa obyekt daxil olmayıb. Sadəcə olaraq, böhtanlar İranda şovinist, panİranist qruplların təmsilçiləri tərəfindən ortaya atılan iddialardır. O qüvvələr ki, Azərbaycanın müstəqilliyini və son illər artan ciddi nüfuzunu İran üçün təhdid hesab edirlər və burada da yanılırlar. Bütün hallarda Azərbaycan tərəfinin mövqeyi ondan ibarətdir ki, Azərbaycan İranda rəsmi dairələrin fikirlərini əsas götürür və onlarla müzakirə aparır. Hansısa qeyri-konstitusion olan və dövləti təmsil etməyən qurumların və onların nümayəndələrinin fikirlərinə reaksiya vermir. Amma ümumən Həqiqətpurun bu açıqlamaları bir daha onu göstərir ki, İranda hələ də Azərbaycana qarşı düşmənçilik mövqeyini saxlamaq və onu inkişaf etdirmək istəyən qüvvələr var. Həmin qüvvələr fəaliyyətlərini davam etdirirlər və Azərbaycana qarşı düşmənçilikdən əl çəkməyiblər”.
Rövşən Məhərrəmov
Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov isə bildirdi ki, SEPAH-ın komandiri olmuş şəxsdən başqa cür fikir gözləmək yanlış olardı: “Çünki SEPAH-ın komandirləri olmuş adamlar həmişə anti-Azərbaycan mövqeləri ilə seçiliblər. Həmin adamların imkanı olsa Azərbaycana qarşı müharibəyə başlayarlar. Mənsur Həqiqətpur vəzifədə olan zamanlarda da Azərbaycana qarşı bu cür böhtanlar atırdı. Azərbaycanda nə İsrailin, nə də başqa ölkənin hərbi bazaları yoxdur. Bunu Azərbaycanın müvafiq rəsmi şəxsləri çıxışlarında dəfələrlə bəyan ediblər. Hətta Azərbaycan Türkiyə ilə qardaş, hərbi müttəfiq olmağına baxmayaraq bizim ərazimizdə Türkiyənin belə hərbi bazası yoxdur. Bunu əslində Həqiqətpur və onun kimilər də bilirlər. Sadəcə olaraq, Azərbaycanın müstəqilliyini, qələbəsini həzm edə bilmədikləri üçün ölkəmizə qarşı vaxtaşırı hədə və böhtanlar yağdırırlar. Yaxşı olar ki, İran hakimiyyəti o cür böhtançıların ağzını yumsun. Çünki belə adamlar iki ölkə arasında münasibətlərə ziyan vururlar”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”






Şərhlər