
Xəbər verildiyi kimi, fevralın 14-də Azərbaycan Prezidenti İlham Əliyev Münhendə Ukraynanın dövlət başçısı Volodimir Zelenski ilə görüşüb. Söhbət zamanı ölkələrimiz arasında enerji də daxil olmaqla müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
Reportyor.tv president.az saytına istinadən xəbər verir ki, Zelenski Azərbaycanın Ukraynaya humanitar yardımına, xüsusən də ukraynalı uşaqlara göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını bildirib. Azərbaycan və Ukrayna prezidentləri ölkələrimiz arasında ikitərəfli münasibətlərin perspektivləri barədə fikir mübadiləsi aparıblar.
Görüşdə hər iki ölkənin xarici işlər naziri və Rusiya ilə danışıqlarda nümayəndə heyətinə rəhbərlik edən Rüstəm Umerov da iştirak edib. Prezidentin köməkçisi Hikmət Hacıyev də görüş iştirakçıları arasında olub.
Musavat.com xəbər verir ki, Rusiya mediası bu görüşlərə ənənəvi olaraq qərəzli münasibət sərgəliyib. Bu görüşlə bağlı xəbərlərə qərəzli başlıqlarda da özünü göstərib. Amma əsas vurğu görüşün ingilis dilində aparılmasıdır. Rusiya media orqanları ilk dəfə deyil ki, dil məsələsinə “xüsusi diqqət” yetirir. Bundan əvvəl prezidentlərin Danimarkada keçirdikləri görüşdə də rus dilindən deyil, ingilis dilindən istifadə Rusiya mediasında hətta “rusafobiya” kimi təqdim edilmişdi.
Prezidentlər arasında Münhen görüşünə Rusiya mediasının qərəzli reaksiyası təsadüfi deyil və bunun bir neçə səbəbi var. Əvvəla, Rusiyada Ukrayna ilə bağlı həssaslıq bəllidir, çünki hazırda iki ölkə arasında hərbi qarşıdurma davam edir. Daha doğru siyasi prizmadan baxdıqda bu reaksiyanı sadəcə, media ritorikası yox, strateji narahatlığın informasiya formasında təzahürü kimi qiymətləndirmək olar.
Görüşün ingilis dilində aparılmasına gəlincə, əslində diplomatik praktikada normal haldır. Lakin Rusiya mediası bunu siyasi mesaj kimi təqdim etməyə çalışır. Məqsəd isə daxili auditoriyaya “rus dilindən imtina = Rusiyadan uzaqlaşma” narrativi verməkdir. Bu, informasiya müharibəsinin klassik üsuludur — real məzmundan çox simvolik jestlər qabardılır. Görüşün hansı dildə aparılması ətrafında hay-küylə çıxış edən media strukturları faktiki olaraq dil mövzusunu siyasi loyallıq indikatoruna çevirir. Bu yanaşma klassik imperiya refleksidir: dil təsir vasitəsi, təsir isə hakimiyyətin uzantısı sayılır. Ona görə də rus dilindən istifadə olunmaması bəzi dairələrdə simvolik “uzaqlaşma aktı” kimi təqdim edilir...
Musavat.com






Şərhlər