
“İstər molla, istərsə də digər rejimlər olsun, İran dövləti üçün fərq eləmir. Onlar üçün əsas məsələ fars dövlətini qorumaqdır. Farslıq dövlətinin isə birinci düşməni türklər, xüsusilə Türkiyə və Azərbaycandır”.
Bunu Reportyor.tv-ə açıqlamasında GünAzTv-nin rəhbəri və Güney Azərbaycan milli azadlıq hərəkatının tanınmış simalarından biri olan Əhməd Obalı deyib.
İranın Naxçıvana dron zərbəsinə münasibət bildirən Əhməd Obalı qeyd edib ki, cənubi azərbaycanlılar molla rejiminə bunu bağışlamamalıdırlar:
“İranın Azərbaycana qarşı hücuma bir az gec başlamasının səbəbi strateji idi. İran əvvəl daha əlverişli yerləri vurmağa, əlverişli bazaları hədəfləməyə üstünlük verirdi. Ərəb ölkələri, İsrail və digər bölgələrdə bu cür hədəflər daha önəmli idi. Lakin indi ballistik raketlərinin sayı azalır, çünki İsrail və Amerika tərəfindən məhv edilir. Hazırda İran daha çox dronlarla zərbə endirir. Vəziyyəti idarə etməyə çalışır. Bu ölkə Türkiyəyə balistik raket atıb, həm də Azərbaycana dron hücumları göndərərək düşmənçiliyini göstərir, amma eyni zamanda vəziyyətini idarə etməyə çalışır”.
Ə. Obalı bu vəziyyəti Güney Azərbaycan üçün tarixi şans kimi dəyərləndirib:
“Bu məsələ bizim üçün tarixi şansdır. Tarixdə hər kəs açılan imkanlardan düzgün istifadə edib, istifadə etməyənlər ya peşman olub, ya da uzun müddət gözləməli olub. Odur ki, bu bizim üçün böyük tarixi şansdır. İran dövləti zəifləyir, dövlət olaraq parçalanmağa doğru gedir və bundan biz istifadə etməliyik. Cənubi Azərbaycanın müstəqilliyi üçün tarixi şans yaranıb. Bizə qardaşlarımız kömək eləsə, Türkiyədən dəstək alsaq və millətimiz ayağa qalxsa, müstəqilliyimizi əldə edə bilərik.
Güney Azərbaycanın müstəqilliyi indi mümkündür. Hətta tam müstəqillik olmasa belə, ən yüksək müxtariyyət əldə edilə bilər və İranın gələcəyinə təsir göstərə bilərik. Molla rejimini sona çatdırmaq, onu məğlub etmək mümkündür. Əgər azərbaycanlılar birgə ayağa qalxsa, molla rejiminin sonu yaxınlaşır. Onların hava qüvvələri artıq öz əlində deyil, dəniz qüvvələri məhv edilib, iqtisadiyyat iflic vəziyyətdədir. Bir barel neft belə satılmır.
Bu vəziyyət hələ dörd günlük müharibənin nəticəsidir. Amerikanın proqnozuna görə, müharibə 4-5 mərhələdə davam edəcək, yəni daha uzun çəkə bilər. İran rejimi isə son anına qədər müxtəlif təxribatlarla məşğul olacaq. Amma aydın görünür ki, İran özü zəifləyir, molla rejimi süqut edir. Süqut prosesi yüz faizdir, sadəcə zaman məsələsidir. Bu aylar və ya daha uzun dövr çəkə bilər, amma molla rejimi getməlidir. SEPAH-ın bir çox hissəsi məhv edilir və artıq milləti qırmaq gücü qalmır. Buna görə də xalq ayağa qalxacaq və Naxçıvana dron zərbəsinin intiqamı alınacaq”.
Musavat.com






Şərhlər