Milli Qəhrəmanın oğlu Prezidentə müraciət edib.
Reportyor.tv Tribunainfo.az- istinadən xəbər verir ki, Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsinin şəhidi Pəhlivan Fərzəliyevin oğlu Xaliq Fərzəliyev Prezident İlham Əliyevə müraciət edərək hüquqlarının pozulduğunu bildirib və köməklik göstərilməsini xahiş edib.
Belə ki, Xaliq Fərzəliyev Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin göstərişi ilə ona məxsus 10 hektar əkin sahəsinin əlindən alır. O, bildirir ki, bu addım “dövlət əhəmiyyətli layihə həyata keçirilir” bəhanəsi ilə əsaslandırılır, lakin rəsmi heç bir sənəd ona təqdim olunmayıb.
Şəhid övladının sözlərinə görə, həmin torpağın hansı layihə üçün lazım gəldiyi və buna dair dövlət qərarının olub-olmadığı məlum deyil. Ərazi ona təzyiqlə təhvil verməyə məcbur edilir. “Əgər həqiqətən bu torpaq dövlət layihəsi üçün nəzərdə tutulubsa, mən razıyam və torpağı verməyə hazıram. Amma ortada nə qərar, nə də sənəd var. Bu, sadəcə məmur özbaşınalığıdır”, – deyə Xaliq Fərzəliyev vurğulayıb.
O, ölkə rəhbərliyindən xahiş edir ki, məsələ araşdırılsın və Füzuli Rayon İcra Hakimiyyətinin başçısının qanunsuz addımlarına hüquqi qiymət verilsin.
Qeyd edək ki, məsələ ictimai fəal Elçin Lənbəranski tərəfindən gündəmə gətirilib. O da bildirib ki, Alı Alıyev 2011-ci ildən Füzuli rayonuna rəhbərlik edir.
Tribunainfo.az olaraq Füzuli Rayon İcra Hakimiyyətinin və digər rəsmi qurumların mövqeyini dərc etməyə hazırıq.
Dəniz Pənahova
