
ABŞ-nin İrana qarşı hərbi əməliyyatı yaxın 48 saat ərzində başlaya biləcəyi barədə məlumatlar yayılıb.
Musavat.com xəbər verir ki, bu barədə "The New York Times" qəzetinə Ağ Evdəki mənbələr məlumat verib.
Qəzet yazır ki, Vaşinqton Tehrana təzyiqi kəskin artırıb və nüvə danışıqları pozularsa, güc tətbiq etməyi nəzərdən keçirir.
CNN bildirir ki, ABŞ prezidenti Donald Trampın yaxın çevrəsində nüvə obyektlərinə, hərbi və hökumət infrastrukturuna, eləcə də təhlükəsizlik rəsmilərinə yönəlmiş bir neçə hərbi variant müzakirə olunur. ABŞ-ın dəniz və hava qüvvələri artıq regionda cəmləşib və bu, birbaşa təzyiq elementi kimi qiymətləndirilir.
Eyni zamanda, İran tərəfi vasitəçilər vasitəsilə dialoqa hazır olduğunu bildirir, lakin hücum halında sərt cavab veriləcəyini xəbərdarlıq edir.
Bu fonunda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Donald Trampa ABŞ, İran və Türkiyə arasında üçtərəfli sammitin keçirilməsini təklif edib. Türkiyə mediasının məlumatına görə, ABŞ lideri təşəbbüsü müsbət qarşılayıb.
"Əgər Vaşinqton doğrudan da razılığa gəlmək üçün beynəlxalq normalara uyğun həqiqi danışıqlara hazırdırsa, Tehran Amerika administrasiyası ilə dialoqa açıqdır".
Musavat.com xəbər verir ki, bu barədə İran Məclisinin (birpalatalı parlament) sədri Məhəmməd Baqer Qalibaf CNN-ə müsahibəsində bildirib.
Qalibafın sözlərinə görə, söhbət ABŞ prezidenti Donald Trampın istədiyi formada, yəni öz iradəsini qarşı tərəfə qəbul etdirməyə yönəlmiş danışıqlardan getmir:
“Əgər bunlar beynəlxalq normalar çərçivəsində aparılan real danışıqlardırsa, bəli. Lakin Trampın istədiyi danışıqlar bu deyil. O, sadəcə öz iradəsini başqalarına diqtə etmək istəyir”.
İran parlamentinin sədri qeyd edib ki, əgər Tramp həqiqətən dürüstdürsə və Nobel Sülh Mükafatını qazanmaq niyyətindədirsə, o zaman real sülhə can atmalıdır:
“Bunun üçün əvvəlcə müharibəni qızışdıranlardan və İranın tabe edilməsini istəyən qüvvələrdən uzaqlaşmalıdır”.
Qalibaf əlavə edib ki, Tramp İranla müharibəyə başlaya bilər, lakin onun nəticələrini idarə edə bilməz.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız hərbi ekspert Üzeyir Cəfərovdur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Youtube səhifəsinin ünvanı: https://www.youtube.com/results?search_query=tv+musavat






Şərhlər