
İranın yeni ali lideri, ayətullah Müctəba Xamenei yaxın vaxtlarda ictimaiyyətə müraciət edə bilər.
Reportyor.tv xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai məlumat verib.
Onun sözlərinə görə, hazırda Müctəba Xameneinin vəziyyəti yaxşıdır:
“Sizə deyə bilərəm ki, o, yaxşıdır”, - Bəqai Hindistanın NDTV telekanalına açıqlamasında bildirib.
XİN rəsmisi əlavə edib ki, Xameneinin artıq bir müraciəti yayımlanıb və yaxın zamanda o, yenidən xalqa səslənə bilər:
“Ümid edirəm ki, o, çox tezliklə ictimaiyyətə yeni mesajla müraciət edəcək”.
Bəqai Yaxın Şərqdə baş verən gərginliyi də şərh edərək bildirib ki, İran xalqı öz vətənini müdafiə etməkdə qətiyyətlidir:
"İranlılar vətənlərini müdafiə etmək əzmindədirlər və biz də hazırda məhz bunu edirik".
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr nəticəsində ölkənin ən böyük şəhərləri, o cümlədən Tehran hədəfə alınıb. Ağ Ev hücumları Tehranın raket və nüvə təhlükəsi ilə əsaslandırıb.
Buna cavab olaraq İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) genişmiqyaslı əks-hücum əməliyyatı həyata keçirib və İsraildəki hədəflərə zərbələr endirib.
Eyni zamanda Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanında yerləşən ABŞ bazalar da hücumlara məruz qalıb.
Tehrana endirilən zərbələr nəticəsində ölkənin ali lideri Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər həlak olub. Daha sonra İranın Ekspertlər Şurası Müctəba Xameneinin ölkənin yeni ali lideri seçildiyini elan edib.
Musavat.com






Şərhlər