Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Sağlamlıq » Almaniyanın qazancı, bizim itkimiz: 3 mindən çox həkim ölkəni tərk etdi — AÇIQLAMA
Almaniyanın qazancı, bizim itkimiz: 3 mindən çox həkim ölkəni tərk etdi — AÇIQLAMA

Son illərdə gənclərin xaricə üz tutması cəmiyyətdə ciddi müzakirə mövzusuna çevrilib. Xüsusən həkimlərin ölkəni tərk etməsi səhiyyə sistemində narahatlıq doğurur.

Rəsmi və qeyri rəsmi məlumatlara görə, son beş il ərzində Almaniyaya köçən azərbaycanlı tibb işçilərinin sayı 3 mini ötüb. Bu göstərici ixtisaslı kadr axınının miqyasını açıq şəkildə ortaya qoyur. Aşağı əməkhaqqı, ağır iş yükü, məhdud karyera imkanları və sosial təminat problemləri əsas səbəblər sırasındadır.

Məsələ ilə bağlı deputat Arzuxan Əlizadə Demokrat.az-a bildirib ki, proses bizim istəyimizdən asılı olmayaraq davam edir:

"Tibb universitetini bitirənlər arasında, yaxın çevrəmizdə Almaniyaya üz tutanların sayının artdığını müşahidə edirik. Türkiyəyə gedənlər də var və onların böyük əksəriyyəti orada uzmanlıq keçdikdən sonra ölkəyə qayıdaraq fəaliyyət göstərir. Bu isə müsbət haldır. Gənclər xarici təcrübə qazanıb daha ixtisaslı mütəxəssis kimi geri dönürlərsə, bu, səhiyyə sisteminə və cəmiyyətin sağlamlığına töhfə verir.

Almaniyaya gedənlərin sayı isə kifayət qədər çoxdur və onların böyük hissəsi orada qalmağa üstünlük verir. Bu, bir tərəfdən gənclərin şəxsi seçimidir və buna qadağa qoymaq mümkün deyil. Çünki orada daha yüksək əməkhaqqı və geniş imkanlar əldə edirlər".

Deputat deyib ki, gənc ixtisaslı kadrların ölkədə stimullaşdırılması vacibdir:

"Xüsusilə fərqlənən tələbələr üçün dövlət hesabına xaricdə rezidentura proqramları təşkil oluna bilər. Eyni zamanda müqavilə əsasında onların təhsildən sonra ən azı beş il Azərbaycanda fəaliyyət göstərməsi şərti qoyula bilər.Almaniyada bir həkimin hazırlanmasına dövlət tərəfindən 250 min dollardan artıq vəsait xərclənir. Bizdən gedən həkimlər isə çox vaxt öz hesablarına rezidentura keçirlər və nəticədə Almaniya dövləti əlavə xərc çəkmədən hazır ixtisaslı kadr əldə edir".

Deputat deyib ki, yaradılan şərait və yüksək maaş imkanları geri qayıtmamağa təsir göstərir.

"Türkiyə və bəzi digər ölkələrə gedənlər isə daha çox geri dönür və hazırda Azərbaycanda həmin ölkələrdə təhsil almış çoxsaylı uzman həkimlər fəaliyyət göstərir. Bu baxımdan gənc həkimlər üçün daha yaxşı iş şəraiti yaradılmalı, əlavə imkanlar təqdim olunmalı və onlar müvafiq qurumlar tərəfindən stimullaşdırılmalıdır. Bununla yanaşı, ümumilikdə gənclərin seçiminə inzibati qaydada sərt məhdudiyyət qoymaq düzgün yanaşma deyil", - deyə deputat qeyd edib.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti