Ukrayna mediası Azərbaycanda koronovirusla mübarizədən yazdı – “Dərs götürməliyik...”
Tarix: 2-04-2020, 00:34
Baxılıb: 216
Google+ Paylaş
Tumblr Paylaş

Ukrayna mediası Azərbaycanda koronovirusla mübarizədən yazdı – “Dərs götürməliyik...”

2-04-2020, 00:34

Ukrayna mediasında Azərbaycanda koronavirusla mübarizənin necə təşkil olunması haqda geniş məqalə dərc edilib. Lb.ua saytında yer alan materialda COVİD-19-la bağlı ölkəmizdə dövlət səviyyəsində görülən işlərdən müqayisəli şəkildə bəhs edilir. Bu tədbirlərin kifayət qədər effektli olduğu xüsusi vurğulanır. Musavat.com Aleksandr Demçenkonun müəllifi olduğu məqaləni qısa ixtisarla təqdim edir. 
“Minlərə Ukrayna vətəndaşının Polşa ilə sərhəddə öz ölkəsinə yola düşmək üçün hansı cəhdlər göstərdiyini görəndə, başqa ölkələrdən uçub gələn yüzlərlə ukraynalının aeroportlarda tam yoluxmaları üçün necə “turşu” kimi saxlanmasına tamaşa edəndə, imkanlı məmurların xaricə hava reysləri həyata keçirməyə davam edərək özləri ilə infeksiyanı necə gətirdiyini və bütöv kəndləri necə yoluxdurduqlarını müşahidə edəndə istər-istəməz belə bir təəssürat yaranır ki, Ukraynadakı idarəetmə sistemi bütünlüklə sıradan çıxıb, ukraynalıların bir qismi üçün isə dövlət anlayışının özü, onun əsas dəyərləri boş sözdür.
Təxminən 30 il sonra bəlli olur ki, biz ümumiyyətlə, öz xalqımızı tanımırıq. Səbəblər çoxdur. Ancaq bu gün onlar haqda danışmayacağıq. Gəlin, nəsə başqa şeyi müzakirə edək: məsələn, belə böhranlı vəziyyətdə dövlətin yaratmalı olduğu sivil imkanlardan danışaq. Bax, burda nümunə qismində Azərbaycanı göstərmək olar və lazımdır da.
Заседание Оперативного штаба при Кабинете Министров Азербайджанской Республики
Nazirlər Kabineti yanında Operativ Qərargahın toplantısı
Şəxsən mən lap əvvəldən anlaya bilmədim ki, hansı əsasla Ukrayna bu qədər uzun müddətə öz sərhədlərini, xüsusən də qərb sərhədlərini açıq saxladı. Çin uzaqdadır. Ancaq İtaliya ki bizə yaxındır, üstəlik, xeyli sayda ukraynalı orada çörəkpulu qazanır. Di gəl, Milandan və İtaliyanın digər şəhərlərindən Ukraynaya sona qədər, fasiləsiz reyslər işlədi. Bizim vətəndaşlar sakitcə geri dönürdülər və Çindən gələnlərdən fərqli olaraq, məcburi karantinə götürülmürdülər.
Bəs, məsələn, Azərbaycan nə elədi?
Bakı elə bir sistem yaratdı ki, bu sistemdə koronavirusun tüğyan elədiyi dövlətlərdən gələn vətəndaşlar öncə hava limanlarında hərtərəfli müayinədən keçirilir. Onları orada ləngitmirlər. Elə təyyarələr də hamısı birdən uçub gəlmir. Bir-bir gəlir. O məqsədlə ki, növbə sıralanmasın və infeksiya yayılmasın. Daha sonra gələnlərin hamısı məcburi qaydada müşahidə altına götürülür. Bu məqsədlə 4 və 5 ulduzlu otellər ayrılıb. Vətəndaşlar buna görə 1 sent belə, ödəniş etmirlər. Bütün xərcləri dövlət öz üzərinə götürüb. Həmin otellərdə azərbaycanlılar daimi həkim nəzarəti altında olurlar. Yeri gəlmişkən, vətənə dönərkən karantinə düşmüş azərbaycanlıların sərəncamına mehmanxanalarla yanaşı, olimpiya şəhəri də verilib – hansı ki, Formula-1 qran-pri iştirakçılarını qəbul etmişdi.

Hazırda Azərbaycanda Koronavirusla Mübarizə Fondu fəaliyyət göstərir. Onun ehtiyacları üçün 1 milyard manat ayrılıb ki, bu da təxminən 600 milyon dollar edir. Azərbaycan prezidenti İlham Əliyev və onun xanımı, 1-ci Vitse-prezident Mehriban Əliyeva ayrı-ayrılıqda özlərinin illik əməkhaqlarını köçürüblər. Bundan əlavə, bütün məmurların bir günlük məvacibləri Fondun məsrəflərinə yönəldilib. Onu da qeyd eləmək lazımdır ki, Fonda təkcə dövlət hesabına vəsait köçürülmür, hazırda hər bir orta və iri şirkət, banklar, özəl müəssisələr ora 10 manatdan 2 milyon manata qədər pul köçürüblər (köçürmə davam edir). Bunun nəticəsində Fond ianələr hesabına artaraq, 1 milyard 100 milyon manata çatıb.

Qayıtmaq istəyənlərə gəlincə, bildiyim qədər, Azərbaycan ən sağlam strategiyanı seçib: dövlət o vətəndaşları üçün pul ayırıb ki, onlar təcili şəkildə təyyarə ilə Bakıya qayıtmaq istədiklərini bildiriblər. Tutaq ki, Ukraynada olan azərbaycanlılarından kimsə qalmaq və müşahidə altında olmaq istəyib. Bunun üçün adamlara pul ayrılıb. Həmin vətəndaşların problemlərini həll eləməkdən ötrü səfirliyin bazasında call-mərkəzlər yaradılıb. Lap əvvəldən Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan diasporu işə girişib və Ukrayna ərazisində qalanların hamısına aktiv şəkildə kömək edir.
Buradaca SOCAR-ın Ukraynadakı bölməsinin rolunu da qeyd eləmək lazım gəlir. Bölmə nəinki koronavirusla bağlı Ukraynada müvəqqəti qalan azərbaycanlılara, həm də Ukraynadakı tibb müəssisələrinə kömək edir. Elə lap yaxınlarda şirkət tibbi nəqliyyatın ehtiyacları üçün 10 min ton yanacaq ayırıb. Ümumilikdə Azərbaycan hakimiyyəti koronavirusun nəzarətsiz yayılmasının bütün mümkün risklərini heçə endirir. Bu xüsusda nə istəsən danışa bilərsən – iki ölkənin fərqli ölçüləri, əhali fərqi və s. Fəqət, Azərbaycanın yanaşması işlək oldu. Ona görə ki, bu dövlətin rəhbərliyində dedilər: biz o qədər azıq ki, bircə insan həyatı ilə də riskə gedə bilmərik.
Ukrayna da problemə belə yanaşmalı idi. Axı bu gün gördüklərimiz məhz pis hazırlığın, müvafiq planlamanın olmamasının nəticəsidir. Daha bəsit və daha ucuz o olardı ki, ünvanlı şəkildə ödəniş edəsən, nəinki tam tükənmək astanasında olan iqtisadiyyata tuş gələsən. Burda mən bir məqama xüsusi vurğu salmaq istərdim: Azərbaycanda pulu ayrı-ayrı ayrı ixtisaslaşmış idarələr yox, hədəflənmiş proqram üzrə bütünlüklə dövlət verir.
Söhbət maliyyə xərclərindən deyil, sırf öz vətəndaşının təhlükəsizliyindən gedir. Əgər sənin müvafiq infrastrukturun, kifayət qədər testin və xüsusi geyimin yoxdursa, o zaman öz ərazinə potensial yoluxdurma riski olanları buraxmaq olmaz. Məhz ona görə Azərbaycan hakimiyyəti lap əvvəldən gələnlərin hamısını təcrid elədi və müvafiq infrastruktur yaratdı. Elə bu günlərdə ölkə rəhbəri İlham Əliyev öz xanımı ilə birgə  Bakıda “Yeni Klinika”nın açılışını ediblər. Klinika 575 çarpayılıqdır. Burada 1500 həkim və tibb personalı çalışacaq. Ancaq ilk dövrdə xəstəxana müstəsna olaraq, koronavirusa yoluxanları qəbul edəcək.
Полицейские общаются с гражданами на улице, в связи с тем, что людям старше 65 лет запрещено выходить на улицы

Xüsusi olaraq qeyd edək ki, başqa ölkələrdən azərbaycanlıları gətirən təyyarələr Bakıya hər gün uçmur. Bakı karantinə yerləşdirə biləcəyi qədər vətəndaş qəbul edir. Qalanları hələlik yad ölkələrdə gözləyir. Ancaq onlar üçün də müvəqqəti olaraq yaşayış yerinin icarəsi üçün Azərbaycan dövləti ödəniş edir, onların ərzaq xərcləri qarşılanır və onlara digər zəruri ehtiyaclar üçün pul ödənir.
Nəqliyyat seqmentindəki situasiya da maraqlıdır. Paytaxt Bakıda metro stansiyaları arasında işləyən xüsusi avtobuslar hərəkət edir. Bu zaman metropolitenin özü müəyyən vaxt kəsimində fəaliyyət göstərir: səhər 07:00-dan 09:00-a və axşam 17:00-dan 20:00-a qədər. Bu günə ölkə daxilində bütün növ sərnişindaşımalar qadağan edilib. Rayonlardan Bakıya, Sumqayıta və Abşerona giriş və çıxış tamamilə məhdudlaşdırılıb. İstisna yalnız xüsusi təyinatlı avtomobillər üçündür.

Maraqlı məqamlardan biri də odur ki, Azərbaycanda hələ koronavirusdan xeyli qabaq iri şəhərlərə nəqliyyat vasitələrinin girişi məhdudlaşdırılmışdı. Bu da hamısı deyil. Azərbaycan rəhbərliyinin ölkənin ərzaq təminatı üçün atdığı addımlar da qeyd olunmalıdır. Belə ki, bütün ərzaq mağazalarında termik emaldan və ya təmizlənmə prosesindən keçməyən məhsullar şüşə vitrin arxasında saxlanılır. Hər bir şöbədə xüsusi kostyumda olan satıcı xidmət edir. Nəsə almaq istəyirsənsə, o zaman satıcını çağırmalısan. Heç kim heç nəyə əllə toxunmur.
Президент Азербайджанской Республики Ильхам Алиев и первая леди Мехрибан Алиева во время открытия «Ени клиники» в Баку, 28 марта 2020
Eyni zamanda, ahıl tənha insanların – açıq-aşkar risk qrupuna aid 60+ yaşlı adamların qeydiyyatı üçün xüsusi meydança yaradılıb. Onların hamısı ya call-mərkəzlərə zəng edib tənha olduqlarını bildirə bilərlər, ya da on-line qeydiyyatdan keçə bilərlər. Artıq sosial baxımdan həssas olan 1408 belə şəxs müəyyən edilib – kimə ki, həqiqətən kömək lazımdır. Bu köməyi birbaşa dövlət və Heydər Əliyev Fondunun dəstəklədiyi könüllülər göstərir. Risk qrupundan olan bu insanların hamısı mütləq qaydada yemək və digər lazım olan hər şeylə təmin edilirlər. Mağazalardan onlara pulsuz məhsullar gətirilir. Hər şeyin xərcini dövlət qarşılayır.

Bu gün bütün Azərbaycan karantindədir. Adamlar parklarda gəzişmirlər və kababxanalara getmirlər, dini ibadət yerlərinə baş çəkməkdən çəkinirlər. Ən başlıcası, bütün bunlar sivil şəkildə edilir. Ona görə ki, ölkədə panika yoxdur. Dövlətin institutlarına etimad var. Bir də inam var ki, insanları taleyin ümidinə buraxmayacaqlar, onlarla insan kimi rəftar edəcəklər...


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ